Sən qış gecələri oyaq qaldınmı? – Şahmar Bayramlı
Sən qış gecələri oyaq qaldınmı? Zaman heç keçməz ki, keçməz. Öncə otağa səssizlik dolar Sonra xatirələr. Öncə səssizliyi pozmaq istərsən Nə etsən də lal olar hər şey, Sonra içindən belə danışa bilməzsən. Dilin tutmaz, Qıvrılarsan oturduğun yerdə, ya da isinmək bilməyən yatağında. Sən qış gecələri oyaq qaldınmı? Yalnızlıqdan qaçmaq istərsən. Biriylə danışmaq, ya da yatmaq. Qaçmaq istərsən gecədən… Ta qəlbinin ən dərin yerində qəribə bir hiss duyular Gözlərini yumarsan rahatlamaq üçün, Tam yumduğun an xatirələr canlanır gözündə, Üzləşə bilmədiyin səhnələr. Öncə umursamazsın, Ancaq duyğuların üstünə-üstünə gələr. Sonra o duyğular acı verməyə başlar Qaçarsan… Bir anlıq dönüb duyğuların səni izləyib-izləmədiyini, Nə qədər qaça bildiyini yoxlarsan, Bəlkə də qurtulmağı bacararsan. Ancaq… Ancaq qurtulduğun üçün də xoşbəxt olmazsan. Bu dəfə də sən, Məhz sən o duyğuların arxasınca düşərsən. Acı verdikcə nəfəs kimi izlərsən izlərini Və gözlərində canlanar xatirələr… Hiss edəcəyin ilk şey yanağından axan göz yaşları olar… O andan sonra Sən qış gecələri oyaq qalarsan… Yanvar, 2012. Bakı
| |
Просмотров: 964 | |