Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

SƏNƏ MƏKTUB YAZIRAM – İradə Aytel
Gecəm səhərə canlı,

Otağım qara donlu,

Nə ruham, nə də bir quş,

Yar sarı uçamıram,

Gözlərim qanlı… qanlı.

Xəyalın necə dolaş,

Xəyalın neçə yönlü.

Xəyalında azıram,

Sənə məktub yazıram.

 

Əl uzatsam gendəsən,

Dünənimdə…

Öndəsən?!

Yolumuz elə uzaq…

Yolumuz bircə qarış.

Telimdəki dəndəsən,

Ah bu sevinc (?!), məndəsən!

Taleyimiz mürgülü,

Taleyimiz küsülü,

Mən barışdım, sən barış.

Tarımsan  – sarı simli,

Yarımsan –

Yarı tənli

mənəm!

Yenə dözürəm,

Sənə məktub yazıram!

 

Adın dilimdə düyün,

Dərdlərim löyün-löyün.

Arada bir möcüzə,

Arada Çin səddi var!

Qışım aşamaz yaza

Hər fəslin öz həddi var!

Ay zalım fələk, sevin,

Ay aci həsrət, sevin!

Ay qara gecəm, öyün.

Kim deyər bənövşənin

Payız çağı qəddi var?!

Bənövşəm, qəlbi şüşəm,

Qar altda qaldı rişən.

Büküldü qamətində

Xəyalındakı gülşən.

Ağıma qol götürüb,

Fəryadıma süzürəm,

Sənə məktub yazıram!

 

Azmışdım baxışında,

Azmışdı baxışın da,

Gözlərimə baxmışdı,

Ürəyimi yaxmışdı.

Ah o qamət, o vücud,

O sevgi, o ehtiras

Çıxarardı alov, od

Sinəsindən daşın da.

Ovladın ovun oldum,

Oxladın…

Ovunurdum

Qaranquş vüsalında,

Çırpınırdım qolunda.

Qış gəldi…

Uçdun, uçdun,

Içildim bircə udum.

Ilk qədəmim səniydin,

Yol aşdım bircə addım.

Təngidim yoxuşunda,

Üşüdünmü qışımda?!

Qar yağdı sinəm üstə…

Bu bakirə gecəni

Ayaqlayıb, əzirəm,

Sənə məktub yazıram.

 

Qapımı heç döymədin,

Sinəm dərddən döymədi.

Elə üzülmüşəm ki,

Canımda can verir can.

Bax, yenə sökülür dan,

Taqət nədi, hey nədi…

Bu gecədə göynədi,

Yerlər nədi, Göy nədi…

Axdı gözlərimdən qan.

Son dayanacaq ümid,

Sonda yanacaq ümid.

Sən dayan, ancaq ümid…

Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.

Qoy mürəkkəb əvəzi

Tökülən qanım olsun.

Axsın sinənə sarı,

Yaramı son kəz sarı.

Qollarında can versəm,

Edərəm bu yazı ram,

Sənə məktub yazıram!

Sənə məktub yazıram!

02.03.11.

IRADE AYTEL
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 1281 | Рейтинг: 0.0/0