Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

MƏN KÖVRƏLMƏK İSTƏMİRƏM – Afaq Şıxlı
Mən kövrəlmək istəmirəm…

Dodağımı sıxa-sıxa dişlərimin arasında

Dondururam göz yaşımı gözlərimin qarasında.

Mən kövrəlmək istəmirəm…

Ağlamıram – düşünürlər çox güclüyəm,

Düşünürlər yoxdu dərdim.

Bilmirlər ki, bir dost olsa

Sirlərimi, dərdlərimi mən onunla bölüşərdim.

Daha məni qoy bəxtəvər sanmasınlar!

Zirvələrə ucaltdığım kimliyimə

Qibtə edib için-için yanmasınlar!

Adı varmı kimliyimin?

Arifəmmi, nadanammı?

Sətir-sətir nəğmələri sinəsində yatıb qalan

Şairəmmi, loğmanammı?

Yorulmuşam…


 
Mən bir çiyin istəyirəm söykənərək ağlamağa…

Gücüm çatmır zaman-zaman

Məni sıxan hislərimi ürəyimdə saxlamağa.

Kaş ki mən də heç duymasam…

Kaş ki mən də cahil olsam…

Şad gəzərdim çoxlarıtək çox şeyləri anlamasam.

Yeyib-içsəm, geyinsəm şıq…

Düşünsəm ki, bitən deyil

Bu dəbdəbə, bu yaraşıq…

Düşünsəm ki,

Pulum varsa – qüdrətliyəm,

Pulum varsa – hörmətliyəm.

Düşünsəm ki, dünya mənim, mənim həyat…

Amma, heyhat!

Bu da bir yük –

Anlamaq ki, biz – kiçiyik, dünya -  böyük!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 1300 | Рейтинг: 0.0/0