Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Qələm məni söz elədi
Puçurladı həyat məni,
Taleyimi yaz elədi.
Qəlbim sevdi göy çəməni,
Çiçəkləri naz elədi.
Yandı neçə arzum qında,
Həsrət qaldı mənə sonda,
Nələr çəkdim bu axında,
Astarımı üz elədi.
Ümidlərim söndü, yandım,
Gündən-günə çox inandım,
Külə döndü sözüm, andım,
Ürəyimi köz elədi.
Ömrüm ötdü duman, çəndə
Addımbaşı düşdüm bəndə,
Xəyallarım uçdu kəndə,
Şəhər mənə üz elədi.
Dərdlərimi qoydum dəmə,
Dərddən dərdlər doğur, demə,
Ömrüm əsir düşdü qəmə,
Ürəyimdə iz elədi.
Deyiləndə söz vaxtında,
Hər kəs şahdır öz taxtında,
Bu dünyanın düz vaxtında,
Dünya məni düz elədi.
İllər ötdü pərdə-pərdə,
Ömür keçdi xeyir, şərdə,
Dünya bizə ara yerdə
Nə elədi, az elədi.
Milyon əkdim, birin dərdim,
Usanmadım, sinə gərdim,
Mən qələmə könül verdim,
Qələm məni söz elədi.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1716 | Рейтинг: 2.0/1