Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Kim deyər ki
Ötən ömrün günlərini
Hesablasan saymaq olar.
Yoldan ötən yolçuya da
Tuncdan heykəl qoymaq olar.
Zirvə vüqar,
qaya dözüm,
fikir ürkək,
insan sirdi.
Ya zalım ol, ya alim ol,
öləcəksən…
sonu birdi.
Nabələdə döngə qorxunc,
dalan qərib,
söz naşıdı.
Qarşısında iki yol var -
gülüş,
bir də göz yaşıdı.
Qələbəyə dözüm gərək,
Söz deməyə sözün gərək.
Gözüaclar gödən yırtar,
Əllərində tikə qalmaz.
Qismətini almaq üçün
üzün gərək.
Yava olsan, əlin bomboş,
qəlbin qubar,
payın kəmdi.
Bir nadanın hiyləsinə
qurbanlığın dəmadəmdi.
Sözün heçdir
kəlməbaşı
sözə-söva qarışmasan,
Qazandığın qələbədir,
haqsızlıqla barışmasan.
Bu dünyadan doyan sonsuz,
Bu dünyadan uman çoxdur,
Haqqın üçün döyüşməsən,
Haqq deməyə haqqın yoxdur.
Kimlər deyir dünya heçdir,
Kimlər deyir dünya fani?!
Bu dünyadan özxoşuna
baş götürüb gedən hanı?!
İnsan var ki, bu dünyada
Ömrü-günü toy-düyündü,
İnsan var ki, ömrü boyu
Ən xoş günü
yaman gündü.
Bu dünyada haqqı üçün döyülən var
haqq yolunda.
İlan kimi qabıq qoyub soyulan var,
taxt yolunda.
Dünya heçsə,
nədən yana
taxt uğrunda
tarix boyu
döyüş gedir?!
Dava gedir,
Vuruş gedir,
Hərbə, zorba,
söyüş gedir.
Fani deyib durduğumuz,
Üstə yuva qurduğumuz
Dünya yurddu, yurd Vətəndi.
Yurd vətənsə, demək, onda
Dünya ilə Vətən təndi.
Kim deyər ki, vətən fani,
Kimlər deyər vətə heçdir.
Bir tərəfdən gəlhagəldir,
Bir tərəfdən köçhaköçdür.
Bu dünyadan getmək çətin,
Bu dünyaya gəlmək asan.
Gəlmisənsə bu dünyaya,
Gərək, onda kişi kimi yaşayasan.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1964 | Рейтинг: 0.0/0