Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Bizim dağlar
Dağlara baxıram, göylərə dəyir,
El oğlu, atını yaylaqda səyir.
Ali insanlar tək dağlar ucadır.
Güllü yamaclardan onlar güc alır.
Nəzər sal dağların yastı belinə,
Bir dəm tuş gələydim dağlar yelinə.
Daşlar dilə gəlir, qayalar dinir,
Elin övladını görüb sevinir.
El oğlu, gəz, dolan bu yurd-mahalı,
Bil ki, gəzəcəksən Azərbaycanı.
Şindan qalasından dünyaya boylan,
Üzünə güləcək böyük asiman.
En "Cıdır düzü”ndən "Buz bulağı”na,
Bir qurtum sərin su ötür ağzına,
Dişlərin üşüsün, dilin açılsın,
Şeir söyləməyə qəlbin alışsın…
Fısdıq, ağcaqayın, küknar ağacı,
Dağlar xəstəsinin dərdi, əlacı.
Palıd meşəsində azma, el oğlu,
Tanrı bəxş etdiyi nemətlər budur.
Təbiət qoynunda yaşamaq gözəl,
Bura vətənimiz olmuş çox əzəl.
Yolunda can versən doğma vətənin,
Ürəyin şad yaşar ömründə sənin.
"Yeddigöz bulağı”n suyunu içsən,
Qəlbən tər, novcavan görünəcəksən.
"Şıkə dağ” zirvəsin qalxa bilərsən,
Ordan xanimanı seyr edəcəksən.
Keçib "Şanalajı” yaylağın dolan,
Orda müşk-ənbərin ətrinə boyan.
Kəkotu, əvəlik, sətəlcəm otun,
Dər, saxla özündə, dərmanın olsun.
"Nüdezd” qalasından səslə çobanı,
Kəssin qabağında quzu qurbanı.
Çək şişə, manqalı qala yaylaqda,
Duz-çörək paylayan var bu oylaqda.
"Gəlin daşları”na yetir nəzərin,
Qoynunda yurd salıb zanbaqla nəzrin.
Taleh yollarının hikmət lövhəsi,
Bir gəlin eşqilə hər an tələsir…
Bax yenə, bu dağlar gözəldir necə,
Baxdıqca qapılar qəlbin sevincə.
Bir ömrü-cavanlıq bəxş olar sənə,
Çün həyat var olur dağlar köksündə.
Bu yurd – babaların yatan məzarı,
Dağlar – uzun ömrün inci meyarı.
Mərd doğan analar burda yaşayır,
Vətənin sərhədi burdan başlayır…
Qışı ağ xələtli, yazı nəğməli,
Yağışı, gurşadlı, qarı süzməli,
Torpağı bərəkət, meşəsi barlı,
Gen saymaz burada yoxsulu varlı.
Əlisa, xatırla, dağlar oğlusan,
Bu ana yurdunu bir vaxt unutsan,
Cənnətdə var olmaz yerin, məkanın,
Doğmadır vətəni, doğma insanın…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 959 | Рейтинг: 0.0/0