İntizar
Pərişan-pərişan açılar səhər Bir oğlan bəxtindən gileylik eylər. Günü axşamacan dözər bir təhər Qəlbində sübhəcən yatmaz gileylər. Pərişan-pərişan açılar səhər Fikirli oyanar yuxudan o qız. Didər ürəyini yeyər şübhələr Bu gün də ümidsiz, bu gün də yalqız. Bir-birin axtarar, bir-birin gəzər O bir cüt ayrılar dalğın, nigaran. Ümid soraqlayar pərişan gözlər Tale soraqalayar pərişan cavan. Bir gün intizarın buzu əriyər Hardasa rast salar tale onları Sevinc ayaq tutub o gün yeriyər Səadət baş alar günəşə sarı. Bir oğlan fikirli açar səhəri "Görəsən eşqimi açım deyimmi?” Bir qız yata bilməz axşamdan bəri "Görən o oğlanın qəlbindəyəmmi?” Kövrək qız qəlbinə məktub nur çilər Hər axşam toy girər bal yuxusuna. Oğlanın ümidin axşam elçilər Ərmağan aparar qız qapısına. Könlündən "Vağzalı” sədası gələr , Bir qız ürəyinin sınar tilsimi. O qız qonşu evdən qulaq kəsilər Elçilər "hə” ilə gedənə kimi.
| |
| Просмотров: 840 | |