İİlk bahar
Ürəklərdə ilk arzular tumurcuqlayar Bəyazlaşar bənövşənin səma bənizi. Sevincdən gül dodaqlarda qəm uçuqlayar Mavi göylər dönüb olar sevgi dənizi. Bulaq təki arzuların gözü açılar Açar bu yaz qönçəsini umacaqların. Bu yaz olub keçənlərin buzu açılar Çözər bu yaz ilməsini olacaqların. Bu yaz açar yaxasını körpə çiçəklər İlk baharın təmənnasız xoş qılığına. Arada ilk məktublar da göyərəcəklər Dönəcəklər ilk məhəbbət muştuluğuna. Yeniyetmə ürəklərin ilkin heyrəti Boylanacaq ömrün ilkin məhəbbətinə. Güvənəcək çoxusunun kişi qeyrəti İlk görüşdən sonradakı cəsarətinə. Çiçəklərin ilk həsrəti gözündə şehə Gözəllərin ilk küsüsü gileyə dönər. İlk yağışdan göy bəzənər qövsi-qüzehə İlk sevgidən dünya üzü mələyə dönər. İlk məhəbbət çiçək açar könüldə, gözdə Dünya üzü təzə sevər, sevilər bu yaz. Bildir bəyaz bənövşənin qolları üstə Ölən arzu ötən yazda qaldı, qayıtmaz. Ötən yazda məhəbbətin havası ayaz Ülvilikdə bəşərin ilk körpəsi idi. Ötən yazda məhəbbətin yuvası bəyaz, Açılmamış ilk məhəbbət qönçəsi idi. Üzüquylu qoyub getdin o yaz çəməni Güllər hələ gözü yaşlı, hələ yazıqdı. Hər məhəbbət ömrü bəlkə yaşıl səməni Elə bircə baharlıqdı, bircə yazlıqdı. Neyləməli, bu bahar ki, ötən yaz deyil Pərən düşüb ötən ilki ağ buludlara. Heç nə mənə o yaz kimi əlçatmaz deyil Ötən ilki bahar hara, bu bahar hara.
| |
| Просмотров: 860 | |