Kəlbəcərdə
Yolum Dəlidağa düşdü bir dəfə Dünyanı gözəllik sehirləyirdi. Bulaqlar tuşlanıb Tərtər hədəfə Dağlardan aşağı yol eləyirdi. Arı pətəyiydi qayalar şan-şan Küləklər dumanı körükləyirdi Uzanıb dağların dabanınacan Bulaqlar dağların hörükləriydi. Cəmənlər yağışın ucundan tutub Leysanı yumaq tək çözələyirdi. Dağlar buludların saçından tutub Dərə heybəsinə gözələyirdi. Göylərə atılan daş kəmənd kimi Zirvələr buluda qısılıydılar. Qorxudan asılan son ümid kimi Cığırlar qayadan asılıydılar. Dəlidağ dəli bir nərə çəkmişdi Buludlar haraya yığılmışdılar. Dərələr qorxudan yerə çökmüşdü Təpələr yumruq tək sıxılmışdılar. Daşdan damcılayan , qayadan çızan Damcılar elə bil noğuluydular. Nəğmə sızılardı daşları sıxsan Dərələr dodağı nağıllıydılar. Hərarət yaymışdı yamaca , döşə O alov lalələr , o köz lalələr. Qəlbimi dağlarda qoyub gəlmişəm Bəlkə ovundura bir az lalələr. Kəlbəcər xatirələri Sübh dumanı otlar üstə damcılar Şehdə çimər kəklikotu, qırxbuğum Yamacların bələyinə sancılan Lalələrin xalları gözmuncuğu . Keyti dağı qayalara qaynata Gəlin qaya gəlin kim həyalı Buludları körpə kimi oynadar Dolaylarda itik düşən xəyalı . Tənhalıqdan bezar olar Dəlidağ Sinəsində qabar-qabar göynəyi . Köksü üstə köz-köz olan od-bulaq Ürəyinin yarasımı göynəyir? Bu yamacda ocaq çatar lalədən O yamacdan buxarlanar tüstüsü Ayağında Tərtəri diş göynədən Sinəsində odlu çeşmə – İstisu. Ürəyinin boy göstərən odudu Lalələri yamaclarda közərir Yaxşı tapıb bu yerlərdə od odu Od gözəllər köksün üstən köz dərir.
| |
Просмотров: 794 | |