Korlar
Kor da görmək üçün göz arzulayar, Korda da görməyən bir cüt göz olar. Göz görər dünyada düzü, əyrini, Anlayar həyatın min cür sirrini. Həqiqət də görər, yalan da görər, Dünyanın oduna yanan da görər. İnsana bənzəyən heyvan da görər, Heyvana bənzəyən insan da görər. Ələyər dünyanı insan gözündə, Doğrunu yalandan seçər özündə. Göz də tərəzidir axı insanda… Kor olar yalanı ağır olanda. Qandırar korluqla bəlkə ruhunu, Gördüyü təzadlar yandırar onu. Tutular gözlərin təmiz aynası, Yuyular ürəyin yalan dünyası… Axar eybəcərlik korun gözündən, Qəlbi təmizlənər yalan izindən. Biz də kor bilərik görməyənləri, Onların gözü yox görər qəlbləri. Mən də bu hikmətdən anladım nəsə, Qəlb ayna olurmuş gözlər görməsə…
| |
Просмотров: 837 | |